Azərbaycanda toy mərasimi CEHİZ

 

 

Ərə verilən qıza ata evi tərəfindən gələcək gənc ailə üçün gündəlik həyat, ev-eşik üçün ən vacib sayılan əşyalar hazırlanıb verilir. Əvvələr qız evi bu əşyaları oğlan evindən aldığı başlığın hesabına əldə edirdi. İllər keçdikcə bu adətin forması və alınma mənbəyi dəyişikliyə məruz qalıb.

Vaxtilə kasıb ailələrində cehiz anasından qızına bir miras tək ötürülürdü. Qız doğulduğu gündən başlayaraq, anası öz cehizindən qalmış əşyalara çatmayanları yenidən alıb əlavə edərək, ayrıca bir sandıqçaya yığırdı. El-oba qaydasına görə, ev əşyalarının çoxunu nişanlı qız özü, öz əllərilə hazırlayır, xalı, corab toxuyur, saatqabı, tənbəki kisəsi və s. tikirdi. Varlı ailələrdə isə cehizi tamamilə yenidən toplayardılar.

Tədarük işləri böyük nişantaxdı toyundan sonra, bir çox hallarda isə lap beşikdən, qızın uşaqlıq yaşlarından başlayıb, toy günlərinə qədər davam etdirilirdi. Bu müddət ərzində həmin avadanlığın bir hissəsi qonum-qonşu qadınların köməyilə düzəlir, yun yuyulub daranır, yorğan-döşək tutulur, xalça-palaz toxunur və s. vacib işlər görülürdü.

El-oba qaydasınca, buraya köməyə gəlmiş hər subay qıza bir tikə yorğan-döşək parçasından və bir çəngə yun verib "başına gəlsin" deyirlərmiş. Yaxın qohumların verdiyi və qonaqların özləri ilə qız toyuna gətirdikləri hədiyyələr ( bunlar qazan, tas, ləyən, sürahi, və s. olurdu ) də cehizə qatılır. Qız evi kasıb olduqda, çox vaxt adaxlı oğlan özü bu əşyaları toplayıb toy gününə qədər qızgilə çatdırır və gəlinapardı toyunda onu gəlin qız ilə birlikdə ər evinə daşıyırlar.

Qızın "xırda-mırda cehizi"

Keçən əsrin əvvəllərində qeydə alınmış və cehizə daxil olan ənənəvi əşyalar bunlardır: hər ailə üçün vacib sayılan Quran kitabı, üstündə namaz qılmaq üçün əbrişim şaldan tikilmiş iki-üç canamaz, möhürqabı, yüz bir danəli təsbeh. Daha sonra iki adamlıq qırmızı yorğan və qırmızı məxmərdən üzlənmiş böyük taxt döşəyi, ikı yun döşəkçə, iki ədəd mütəkkə, bir böyük nazbalınc, qayınata-qayınana üçün iki kiçik döşək. Nişanlı qızın özü, yaxud qız evi qadınları tərəfindən bəy üçün hazırlanmış tikmə əl işləri güləbətinli tirmə araxçın, ipək daraqqabı, saatqabı, zərxaradan on iki ədəd tənbəki və pul kisəsi, 20-30 cüt çarıqbağı, at üçün zinpuş, qələmdanqabı və s. Yenə məişət üçün dəstərxan süfrə, əl-üz dəsmalı, isti qabları qaldırmaq üçün yeddi cüt "tutqac" və s.

Gəlinin özü üçün sürmədan, ətirqabı, qayçıqabı, iynəqabı, sayı yeddi olmaqla iynə, qıyıq, güləbətinli pərdəbağı, ipək tumanbağı, taxça və güzgü pərdəsi, qara ayağdaşı və s. Bunlardan başqa, bir "camaxatan sandığı", yun məmulatından bir-iki xalça-palaz, camədan-məfrəş, xurcun, saxsı qab-qacaqdan nehrə, küpə, kuzə, aşsüzən, ağac məmulatından yeddi taxta qaşıq, tabaq, oxlov, çanaq, çömçə, çörəkqabı, bazardan alınmış təzə, yaxud yenicə qalaylanmış mis qab-qacaq, gəlinin yuyunması üçün böyük teşt, farş, qazan, gülabzən, mis aftafa-ləyən, hamam satılı, altı kabab şişi və s. metal əşyalar.

El-oba adətinə görə, buradakı mis, yaxud saxsı su qablarını yeni mənzilə əsla boş aparmaq olmazdı, onlar hökmən su ilə doldurulmalı idilər. Bundan əlavə, gəlin özü ilə ər evinə müxtəlif rəngli parçalardan tikilmiş yeddi kiçik torbada (hərəsi bir kiloqram), yeddi cür taxıl növü buğda, arpa, düyü, mərci, noxud, lobya, darı və uğursuyu deyilən bir səhəng təmiz içməli su və bir qab neft aparardı.

Qaydaya görə, qız gəlin köçürüldükdə, ayaqqabısından başqa, istədiyi bütün paltarlarını yeni mənzilinə apara bilər. Amma bəzi yerlərin adətincə, gəlinin bəxti ağ olsun deyə, cehizlə, bəzən isə elə qızın özüylə onun bir tay köhnə ayaqqabısı da ər evinə aparılarmış.

Cehiz əşyaları siyahıya alındıqdan sonra bədnəzərdən qorunmaqdan ötrü onları qırmızı qaytan və lentlərlə sarıyaraq cecim sandıqlarına yerləşdirirlərmişlər.

Ötən əsrlərdə varlı ailələrdən ərə verilən qızların ata-anası övladlarına mal-qara sürüsü, ev-imarət, zəmi və bağ-bağça kimi "şeylər" qoşur, hökmdarlar isə gəlin köçürdükləri qızlarına, bir adət olaraq, geniş bir ərazi və ya bir neçə kənd bağışlayarmışlar.

Adətə görə qıza verilən bütün şeylər onun şəxsi malı hesab edilir. Bəzən el içində həqarətlə deyilən "cehizindən xeyir görməyəsən", yaxud "cehizin qayıtsın" kimi bəd dualar hələ də yaşamaqdadır.

Müxtəlif bölgələrdə qız ərə verdikdə ona qoşulan cehizə "ağırlıq", "barxana / qız barxanası", "verdik / verdük", "dədəverdi / dədəmalı", "mal" (Şəki), "kabin", "öllüx-dirilıx" (Quba), "sədəqə", "təchiz", "tuti", "xərcxəcələt" (Salyan), "cehiz qoşma / cehizləmə / cehizçilik", "cer-cehiz", "şeylan" və bu kimi adlar daşıyır. Onun "cehaz / ceyiz / cihaz" (Ordubad) deyiliş şəkilləri də vardır.

Toydan iki-üç gün əvvəl ər evinə gəlinin cehizini gətirərlər. Bunu gəlinin qardaşları, əmisi, dayısı, bibisi, xalası oğlanları, bəyin dostları və "qardaşlığı" gətirirlər. Ana gəlinin cehizini düşürmək üçün gəlinin qardaşına nəmər verir.

Sonra gəlinin yengəsi, bacısı evi bəzəməyə gəlirlər. Onlar evi bəzəyib qurtarandan sonra əşyaların bəzisinə qırmızı lent bağlayırlar. Qayınana evi bəzəyənlərə də xələt verir

Yorum Yaz
Arkadaşların Burada !
Arkadaşların Burada !